Vergi qanunvericiliyinə dəyişiklik

Azərbaycan Respublikasının vergi qanunvericiliyində 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş bir sıra vacib dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin qısa məzmununu aşağıda nəzərinizə çatdırırıq:

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarından pul vəsaitlərinin nağd çıxarılmasına görə məbləğə 1 % sadələşdirilmiş vergi tətbiq ediləcəkdir;

Vergi orqanlarına heç bir məhdudiyyət qoyulmadan, sadəcə yazılı bildiriş əsasında bankın müştərisi olan istənilən vergi ödəyicisinin (şəxsin) bank hesabı barədə məlumat almaq hüququ verilmişdir;

Rezidentlər tərəfindən qeyri-rezidentlərin elektron pul kisələrinə köçürülən məbləğdən 10% həcmində ödəmə mənbəyində verginin banklar tərəfindən tutulmalı olduğu müəyyən edilmişdir;

Elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğdən ƏDV-nin tutulması nəzərdə tutulmuşdur. Bununla yanaşı, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan bank ƏDV-ni alıcının vəsaiti hesabına tutaraq, büdcəyə ödəməlidir;

Maşınlar və avtomobillərin illik amortizasiya norması 25%-dən 20%-ə endirilmiş, yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə amortitasiya norması isə 25% olaraq müəyyən edilmişdir;

Ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 3 il müddətinə ƏDV-dən azad edilmişdir;

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV belə məhsulların tam dəyərinə deyil, yalnız ticarət əlavəsinə hesablanacaqdır;

Transfer qiymətlərinin (“transfer pricing”) tətbiqi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən bir sıra şəxslər arasında aparılan əməliyyatların vergi tutulan məbləği vergi orqanları tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq müəyyən ediləcəkdir;

Müəyyən növ fəaliyyət növləri ilə (toy aparıcıları, çalğıçılar, ev qulluqçuları, fərdi sürücülər, fərdi fotoqraflar və s.) fərdi qaydada (digər şəxsi işə cəlb etmədən) məşğul olan şəxslər aylıq stabil sadələşdirilmiş vergi (fəaliyyət göstərdiyi regiondan asılı olaraq 0,5-2 əmsalı tətbiq edilməklə, 5-30 manat aralığında) ödəyəcəklər;

Büdcədən artıq ödənilmiş verginin geri qaytarılması üçün müddət 45 gündən 20 günə endirilmişdir;

Banklara tətbiq edilən maliyyə sanksiyalarının dərəcələri və hesablanma qaydası dəyişdirilmişdir;

Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi barədə qərarın qəbulu proseduru müəyyən edilmişdir. Belə ki, vergi ödəyiciləri 500 manat dövlət rüsumu ödəmək şərtilə, məbləği 10 000 000 manatdan yuxarı olan əməliyyatların yaratdığı vergi öhdəlikləri barədə əvvəlcədən qərar çıxarması məqsədi ilə vergi orqanlarına müraciət edə bilər;

Torpaq sahəsinin alğı-satqısına sadələşdirilmiş verginin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyri-kənd təsərrüfatı təyinatlı torpaqların alğı-satqısı zamanı hər kvadratmetrə görə 0,5 manat, yerləşdiyi regiondan asılı olaraq 0,5-4 əmsalı tətbiq edilməklə sadələşdirilmiş verginin ödənməsi nəzərdə tutulur;

Verginin azaldılması üçün müəyyən edilmiş sxemlər qanunsuz hesab edilmişdir və əməliyyatın forması deyil, iqtisadi mahiyyəti əsas götürüləcəyi qeyd edilmişdir;

Nəzarət-kassa aparatının çeki və ya qəbzin malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmaması müəyyən edilmişdir;

Minik avtomobilləri, platin, qızıl və almazın idxalına tətbiq edilən aksiz vergisinin dərəcəsi təxminən 2 dəfədən çox yüksəldilmiş, xəz-dərinin idxalı isə bazar dəyərinin 10 faizi həcmində aksiz vergisinə cəlb edilmişdir.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
18 Jul 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
18 Jul 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
18 Jul 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır