Mülki Məcəlləyə dəyişiklik

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 03 aprel 2018-ci il tarixində edilmiş dəyişikliklər

 

25 aprel 2018-ci il tarixində qüvvəyə minmiş “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Mülki Məcəlləyə bir sıra vacib dəyişikliklər edilmişdir. Aşağıdakı bu dəyişiklərin bəzilərinin qısa xülasəsini nəzərinizə çatdırırıq. 

 

Məcəlləyə edilmiş dəyişikliyə əsasən hüquqi şəxslərin adından cıxış edən, o cümlədən idarəetmə orqanlarında təmsil olunan şəxslər (direktor, icra orqanının və müşahidə şurasının üzvləri) öz vəzifələrini yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədikdə səhmdarlara (payçılara) və hüquqi şəxsə vurduqlara zərərə görə məsuliyyət daşıyırlar. Hüquqi şəxslərin mənafelərini qorumaq öhdəliyi daşıyan şəxslər aşağıdakı hallarda hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır:

 

• hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

• hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

• hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;

• hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;

• özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;

• səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.

 

Yuxarıdakı hallar baş verdikdə və ya əsaslı şübhələr olduqda bir sıra şəxslərə hüquqi şəxsin adından bu halları araşdırmaq hüququ verilmiş və yuxarıda qeyd edilən hallar zamanı bağlanmış əqdlərin etibarsız olması müəyyən edilmişdir. 

 

Əlavə olaraq, Mülki Məcəlləyə edilmiş dəyişikliklər məhdud məsuliyyətli cəmiyyətlərdə idarəetməsinə və mənfəətinin bölüşdürülməsinə təsir göstərmişdir. Belə ki, dəyişikliyə əsasən Cəmiyyətin icra orqanının üzvləri və cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri isə audit komitəsinin üzvü ola bilərlər. Bununla yanaşı Mülki Məcəllənin əvvəlki redaksiyasına əsasən xalis mənfəətin bölüşdürülməsinin müddəti məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində fərqli göstərilə bilərdi, lakin, hal-hazırkı redaksiyaya əsasən xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra 1 ay müddətində ödənilməlidir

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
24 May 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
24 May 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
24 May 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır