2018-ci ilin yanvar ayı ərzində qüvvəyə minən qanunlar

1. “İşsizlikdən sığorta haqqında” yeni Azərbaycan Respublikası Qanunu

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvədədir. Qeyd edilən Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə yanaşı, işəgötürənlər və işçilər tərəfindən işsizlikdən sığorta haqqının ödənilməsini tələb edir. Qanuna əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
i) sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
ii) sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi..

         

2. Minimum aylıq əmək haqqının artırılması

“Minimum aylıq əmək haqqının artırılması haqqında” 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən olunmuşdur. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.3.-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Beləliklə, mövcud dəyişikliyə əsasən minimum aylıq əmək haqqından az əmək haqqı alan işçilərin əmək haqqı müvafiq qaydada artırılmalıdır. 


                          
3. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu 

1 yanvar 2018-ci il tarixindən etibarən qüvvədə olan “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun (yəni, 2018-ci il üzrə 173 manat) 1 misli, illik gəliri 30000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Qeyd edilənlərə əsasən, yeni Qanun işçilərin əmək haqqısından tutulun gəlir vergisinin hesablanması qaydasına da təsir göstərir.  



4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 31 may 2017-ci il tarixli Qanunla dəyişikliklər edilmişdir. 1 yanvar 2018-ci il tarixindən qüvvəyə minən dəyişikliklərə  əsasən, işçilərin sayı azalması və ya ştatların ixtisar edilməsi əsası ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi) işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

•1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi;
•2 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi;
•5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi;
•10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi.


Eyni zamanda dəyişikliyə əsasən, əmək müqaviləsi müəssisənin ləğv edilməsi və ya işçilərin sayı azalması və ya ştatların ixtisar edilməsi əsasları ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ”a” və “b” bəndləri) ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

•1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
•1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
•5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
•10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

Azərbaycan Resplikasının İnzibati Xətalar Məcəlləsinin 192.6.-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərin pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən qeyd olunan əsaslarla ləğv edilərkən qanunverciliyə edilən yuxarıda göstərilmiş dəyişikliklər nəzərə alınmalıdır.



5. Vergi ödəyiciləri tərəfindən elektron-qaimə fakturanın təqdim edilməsi

2018-ci il 1 yanvar tarixindən etibarən bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron-qaimə faktura təqdim edilməlidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş 16 dekabr 2016-cı il tarixli dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən (malların, işlərin, xidmətlərin sifarişçisinə) bu cür elektron-qaimə fakturanın təqdim edilməsi tələbi isə 1 aprel 2017-ci il tarixdən qüvvədədir. 
  

 

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
18 Jul 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
18 Jul 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
18 Jul 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır